Eyni zamanda qurumaq və əzələ kütləsi artırmaq mümkündürmü?
Bu məqaləni oxumazdan əvvəl ilk növbədə nəzərinizə çatdıraq ki, eyni zamanda əzələ kütləsi yığmaq və yağ yandıraraq qurumaq mümkün deyil. Əzələ kütləsi yığıbda piylənməmək və quruyub da minimum əzələ kütləsi itirmək mümkündür, lakin yuxarıda qeyd etdiyimizi etmək qətiyyən mümkün deyildir. Səbəb isə çox sadədir: bu iki proses biri-birinə ziddir və ziddiyətlər bir arada vəhdət təşkil etmirlər. İndi isə məsələyə aydınlıq gətirək.
Əzələ kütləsinin artımı birbaşa anabolik prosesə əsaslanır. Bu zaman edilən ağır məşqlərdən, qəbul edilən yüksək keyfiyyətli karbohidratdan və artan testosteron səviyyəsindən insan orqanizmində anabolik proseslər güclənir və nəticədə əzələ lifləri inkşaf etməyə başlayır. Qeyd edilən bu period ərzində əsas güc maksimum ağır çəkilərə və minimum kardio hərəkətlərə (lazım olmayan digər yüksək intensivli hərəkətlər də buna aiddir) verilir. Aktivliyin bu qədər az və qidallanmanın bu qədər zəngin olduğu dövrdə qurumadan söz belə gedə bilməz.
Quruma dövrünün əsaslandığı proses isə anabolikə əks olan katobolik prosesdir. Quruma dövrü zamanı karbohidrat qəbulu minimuma endirilir və rasionda zülalın miqdarı tələb olunan maksimuma qədər artırılır. Bu dövrdə ağır məşqlər yüksək intensivli kardio məşqlərlə əvəz olunur və əsas məqsəd mümkün olduğu qədər çox kalori yandırmaq olur. Artıq aydın olduğu kimi, belə bir çətin şəraitdə əzələ kütləsinin artımı mümkünsüzdür. Edilə biləcək tək şey sahib olduğunuz əzələ kütləsini qoruyub saxlamaqdır. Buna isə müəyyən idman qidaları yardımçı olur.