Plyonka və tərləmə kostyumları ilə arıqlamağın ziyanları
İdman zallarına arıqlamaq üçün gələn artıq çəkili xanım və cənablarda belə bir tendensiya peyda olub ki, problemli yerlərinə qida plyonkası bağlamaq və ya hava keçirməyən tərləmə eşortmanları geyinməklə onlar yağlardan daha tez azad olacaqlar. Bütün bunlar nə dərəcədə həqiqətə uyğundur? Gəlin buna aydınlıq gətirək.
İlk növbədə bu növ vasitələrlə tez bir zamanda atdığınız çəki yanmış yağlar deyil, bədəndən tər vasitəsi ilə xaric olunmuş sudur və bu su qısa müddət ərzində orqanizmə yenidən geri qayıdacaqdır.
Bədənin temperaturu artdığı zaman, dəridəki məsamələr vasitəsi ilə tər ifraz olunur və nəticədə bədən temperatut normala qayıdır. Bu bir növ kondisioner funksiyasıdır. Orqanizmin itirdiyi bu mayeni isə mütləq geri qaytarmaq lazımdır, çünki maye həyati funksiya daşıyır. Plyonka bağlanıldığı zaman isə ifraz olunan tər buxarlanmır, bir yerdə yığılıb qalır və orqanizm yüksələn temperaturdan yaxa qurtara bilmir və həmçinin dəridə səpkilər əmələ gəlir. Bütün bu sadalanan proseslər davam etdikdə, orqanizm həyacan rejiminə keçir və qanda olan plazmanın həcmini azaldır. Nəticədə ürək daha tez döyünür amma daha az qan vurur (çünki qan qatılaşır).
Bütün bunlara əlavə olaraq, qan daşıma funksiyasına sahib olduğu üçün, bu rejimdə orqanizmə daha az oksigen və qidalı maddələr daşınır. Təəccüblü deyil ki, bu zaman orqanizmdə yığılan zərərli maddələrin xaric olması prosesi də zəifləyir.
Amma bütün bunlar aysberqin üst hissəsidir. Maraqlısı odur ki, yuxarıda qeyd etdiyimiz həyəcan rejimində arıqlamağa çalışan insanlara hər şeydən vacib olan yağ parçalanması metobolizmi kritik dərəcədə zəifləyir. Səbəb isə orqanizmin sıradan çıxmış funksional ardıcıllığı bərpa etməyə çalışması və var gücünü buna yönəltməsidir. Daha bir paradoks isə tərlə birgə depolanan yağların yox, cüzi miqdarda sıradan yağ və süd turşularının, sidik cövhərinin, ammiak, fosfat, kalsium duzlarının və s. orqanizmdən xaric edilməsidir.
Ümumi nəticəni gözdən keçirək:
- orqanizm susuz qalır
- qanda plazmanın həcmi azalır və qan qatılaşır
- ürək və qan-damar sisteminin funksiyası pozulur
- oksigen və qidalı maddələrin daşınması çətinləşir
- zərərli maddələrin ifrazı zəifləyir
- yağ metobolizmi kritik zəifləyir
Əgər bura qədər oxudunuzsa, demək sizə də aydın oldu ki, bu növ vasitələr ilə arıqlmağa çalışan insanlar yağ yandırmaq əvəzinə özlərinə yalnız və yalnız ziyan edirlər.